MƏDƏNİYYƏT
“Yaşıl incəsənət” rəsm sərgi-müsabiqəsinə start verilib
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) dəstəyi ilə “Yaşıl incəsənət” rəsm sərgi-müsabiqəsinə start verilib. Sərgi-müsabiqə “ASAN School” könüllülük proqramının “Yaşıl ASAN” təşəbbüsü və “ASAN Könüllüləri” gənclər təşkilatının birgə təşkilatçılığı ilə reallaşıb.
ADRA-dan AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə A3 və A4 formatında mənzərə və natürmort janrlarında, müxtəlif rəngkarlıq və qrafika texnikalarında işlənmiş rəsm işləri təqdim edilə bilər.
Müsabiqədə iştirak etmək istəyənlər oktyabrın beşindən gec olmayaraq rəsm işlərinin foto şəkilini JPG və ya Cоrel Draw formatında və özləri haqqında qısa məlumatı [email protected] ünvanına göndərə bilərlər.
Müsabiqənin münsiflər heyəti tərəfindən seçilmiş üç ən yaxşı rəsm əsərinin müəllifləri mükafatlandırılacaq.
Sərginin bütün iştirakçılarına Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksi tərəfindən onların sərgidə iştirakını təsdiq edən sənəd təqdim ediləcək.
Sərgilənən rəsm əsərlərinin Azərbaycan Rəssamlıq Akademiyasının qalereyasında və online formada xeyriyyə məqsədilə satışı həyata keçiriləcək.