CƏMİYYƏT
Yaşlı xəstələrdə sınıqların müalicəsində uğursuz nəticə əldə edilməsinin səbəbi osteoporozdur
Bakı, 22 iyun, AZƏRTAC
Ümumdünya Osteoporotik Sınıqlar Cəmiyyəti (FFN) “Kəskin travmaların çoxşaxəli müalicə edilməsi” mövzusunda vebinar təşkil edib.
Vebinarda ölkəmizi təmsil edən Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun əməkdaşı, tibb elmləri doktoru Aydın Qəhrəmanov “Azərbaycanda osteoporotik sınıqların müalicə xüsusiyyətləri” mövzusunda məruzə edib. O, təmsil etdiyi qurumun həmin növ sınıqların müalicəsi istiqamətində həyata keçirdiyi prinsiplər haqqında məlumat verib.
A.Qəhrəmanov AZƏRTAC-a bildirib ki, yaşlı əhalinin sayı artdıqca travmatoloq və ortopedlər daha çox osteoporoza bağlı sınıqlar ilə qarşılaşırlar: “Yaşlı xəstələrdə sınıqların müalicəsində uğursuz nəticə əldə edilməsi osteoporoz və sümük keyfiyyətinin aşağı olması ilə əlaqələndirilir. Bu səbəbdən travmatoloq və ortopedlər osteoporotik sınıqlarda fiksasiyanı yaxşılaşdırmaq üçün strategiyalar axtarışındadırlar. Cəmiyyətimiz yaşlandıqca, xüsusilə bud sümüyünün boynunun sınıqlarının sayı artır. Lakin osteoporozun yaratdığı təhlükə olduqca az qiymətləndirilib və demək olar ki, müalicə edilmir. Həmin boşluq milyonlarla yaşlı insanı həyat üçün təhlükə yaradan sınıqlar qarşısında aciz buraxır. Bu da səhiyyə sistemi üçün əlavə problem yaradır. Bu səbəbdən dünyanın inkişaf etmiş ölkələrində osteoporoza bağlı sınıqların profilaktikası üçün osteoporozu müayinə strategiyası hazırlanıb və osteoporoza bağlı bud sümüyünün boynunun sınıqlarının reyestri mövcuddur. Ümid edirəm ki, bizim respublikamızda da yaxın vaxtlarda osteoporozu müayinə strategiyası və osteoporoza bağlı bud sümüyünün boynunun sınıqlarının reyestri hazırlanacaq”.