DÜNYA
Yaxın Şərqdə köhnə münaqişə yenidən alovlanıb
Tehran, 7 dekabr, AZƏRTAC
ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması İordan çayının qərb sahilində münaqişənin alovlanmasına səbəb olub.
İran KİV-nin məlumatına görə, minlərlə fələstinli Xevron şəhərində etiraz aksiyasına çıxıb. Qüds, Vifliyem, Rəmalla və Qəzza bölgəsində də aksiyaçılar ilə İsrail hərbçiləri arasında toqquşma baş verib. Ölən və yaralananlar var. Bu saatlarda toqquşma davam edir.
Sky News Arabia kanalının məlumatına görə, etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edilir. Beynəlxalq Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsi kanala verdiyi müsahibədə bildirib ki, 50 nəfər ağır xəsarət alıb.
Bu arada isə Fələstin administrasiyasının rəhbəri Mahmud Abbas Qüdsü və işğal altında olan digər əraziləri azad etmək üçün fələstinliləri silahlı müqavimət göstərməyə çağırıb. M.Abbas xalqa müraciətində qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın qərarının heç bir hüquqi əsası yoxdur.
Rəsmi Tehran da ABŞ-ın qərarını kəskin tənqid edib. Prezident Həsən Ruhani bəyan edib ki, ABŞ bölgədə sabitliyin hökm sürməsini istəmir.
Sabah Tehranda və başqa böyük şəhərlərdə ABŞ-ın qərarına qarşı kütləvi aksiyaların keçiriləcəyi gözlənilir.
Türkiyə, İraq, Almaniya, Rusiya, Avropa İttifaqı da ABŞ-ın qərarına etirazlarını bildiriblər.
Xatırladaq ki, ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanımasından sonra bölgədə vəziyyət gərginləşib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran