İQTİSADİYYAT
Yaxın günlərdə Kiyevdə Azərbaycan Ticarət Evinin açılış mərasimi olacaq
Kiyev, 12 iyun, AZƏRTAC
Yaxın günlərdə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan Ticarət Evi açılacaq. Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.
Məlumata görə, Azərbaycan Ticarət Evinin açılışında iştirak etmək üçün Azərbaycandan rəsmi şəxslər və iş adamlarından ibarət nümayəndə həyəti gedəcək.
Açılış mərasimində Azərbaycanın şərab və digər məhsulları təqdim ediləcək.
Azərbaycan Ticarət Evinin açılış mərasimi zamanı, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və "Ukrayna Şərab İnstitutu" Elmi Mərkəzi arasında elmi və texniki əməkdaşlıq haqqında müqavilə imzalanacaq.
Qeyd edək ki, artıq Azərbaycanın Belarusda Ticarət Evi fəaliyyət göstərir və indiyədək bu ticarət evi vasitəsilə ölkəmizdən Belarusa 110 tondan artıq meyvə-tərəvəz məhsulları, zeytun yağı, nar şirəsi, şərab və çay ixrac edilib.
Hazırda Azərbaycanın BƏƏ, Çin və Rusiyada Ticarət evlərinin açılması imkanları araşdırılır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev