CƏMİYYƏT
Yaxın qohumuna qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Füzuli rayon sakini Maral Xəlilovanın qohumunun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməsi faktı ilə bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla Maral Xəlilovanın xalası qızı Xumar Əbdüləzimovanın etibarından sui-istifadə edərək sonuncunun oğlu Qorxmaz İdriszadə barəsində Füzuli Rayon Polis Şöbəsinin istintaq bölməsində istintaq edilən cinayət işinin Cinayət Məcəlləsinin daha yüngül məsuliyyət nəzərdə tutan maddəsinə tövsif olunmasında kömək edəcəyi adı ilə ondan ümumilikdə 23 min manat məbləğində pul aldığı müəyyənləşdirilib.
Maral Xəlilovaya Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 32.4, 312.2-cü (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.