CƏMİYYƏT
Yay aylarında Avropada istiləşmə dünya üzrə orta göstəricidən daha sürətli olub
Bakı, 23 noyabr, AZƏRTAC
İstixana effektinə antropogen təsirin güclənməsi ona gətirib çıxaracaq ki, Yer kürəsinin quraqlıq bölgələrində vəziyyət daha da pisləşəcək.
Yay aylarında Avropada istiləşmə dünya üzrə orta göstəricidən daha sürətli olub.
AZƏRTAC “Hightech” saytına istinadla xəbər verir ki, bu qənaətə Stokholm Universitetindən olan əməkdaşlar gəliblər. Tədqiqatın nəticələri “Journal of Geophysical Research: Atmospheres” nəşrində dərc olunub. İstixana qazlarının antropogen tullantıları nəticəsində bütün qitədə, xüsusən də Cənubi Avropada iqlim daha quru olub, bu da isti axınını güclənməsi və yanğın risklərinin artması ilə nəticələnib.
BMT-nin iqlim dəyişməsi üzrə hökumətlərarası ekspertlər qrupunun məlumatına görə, quru üzərində istiləşmə okeanlar üzərində istiləşmədən əhəmiyyətli şəkildə daha sürətlə, müvafiq olaraq, orta hesabla 1,6 dərəcə və 0,9 dərəcə baş verir. Bu o deməkdir ki, quruda 1,5 dərəcə istiləşməyə yol verməməkdən ötrü zəruri olan istixana qazları tullantılarının qlobal büdcəsi artıq sərf olunub.
Alimlər müəyyən ediblər ki, Avropanın çox hissəsində ilin yay ayları (aprel-sentyabr) ərzində 2 dərəcə istiləşmənin qarşısını almaqdan ötrü tullantıların büdcəsi artıq sərf olunub. Əslində, ölçmələr göstərir ki, Avropanın çox hissəsində yay aylarında istiləşmə son qırx ildə artıq iki dərəcəni üstələyib.
Bundan başqa Avropanın çox hissəsində daha az bulud olub, bu da ehtimal ki, havada su buxarının az miqdarda olması ilə bağlıdır.