Yay mövsümünü Qaxın istirahət məkanlarında keçirmək istəyənləri maraqlı sürprizlər gözləyir - FOTOREPORTAJ VİDEO
AzerTAg.az
Qax, 16 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Qaxın mülayim və saf dağ iqlimi, zəngin mineral bulaqları, gözəl təbiət mənzərələri, çayları, düzənlik və dağ meşələri burada turizmin müxtəlif növlərinin inkişafı üçün çox əlverişlidir. Qədim tarixə və mədəniyyətə malik bu diyarın hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır.
Son illər rayonda müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, rayona gələn qonaqların sayı nəzərəçarpacaq dərəcədə çoxalıb. Xüsusilə yay aylarında öz istirahətlərini Qaxda keçirmək arzusunda olanların sayı xeyli artıb.
Qax rayon mədəniyyət və turizm şöbəsinin müdiri vəzifəsini icra edən Dilarə Əzizova AZƏRTAC-a müsahibəsində turizm obyektlərinin yay turizm mövsümünə hazırlığının vəziyyəti və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Ötən il Qaxa 25 minə yaxın turist gəlib
Qurumun rəsmisinin bildirdiyinə görə, hazırda Qax rayonunda 12 turizm obyekti fəaliyyət göstərir. 2015-ci ildə “Berqs” istirahət mərkəzinin fəaliyyətə başlaması, “El Resort” otelində və “Eden” istirahət mərkəzində əlavə korpusların, 2016-cı ilin mayında “Səngər qala” ailəvi istirahət mərkəzində 39 mənzilli 90 yerlik binanın istifadəyə verilməsi nəticəsində rayonun turizm obyektlərində yerlərin sayı artırılaraq 800-ə çatdırılıb. Rəsmi statistikaya görə, 2015-ci ildə rayona 25 minə yaxın turist gəlib. 2014-cü ildə isə bu göstərici 20 min olub. Statistik məlumata görə, cari ilin ötən dövrü ərzində rayonu 5 mindən çox turist ziyarət edib. Evlərdə qalan turistlərin sayını da bura əlavə etsək, bu göstərici daha da artacaq.
Turizm mərkəzlərində qiymətlər səhər yeməyi də daxil olmaqla, bir nəfər üçün 17-55 manatadır
Hazırda rayonun turizm mərkəzlərində qiymətlər səhər yeməyi də daxil olmaqla, bir nəfər üçün 17-55 manat arasında müəyyənləşdirilib. Mövsüm ərzində qiymətlərdə endirimlərin olacağı da istisna edilmir.
Dilarə Əzizovanın bildirdiyinə görə, yay mövsümündə turistlərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə mədəni-kütləvi tədbirlərin, əyləncəli proqramların, gəzintilərin həyata keçirilməsi nəzərdə tutulub. Turistlərin rayonun tarixi məkanlarına, gəzməli-görməli yerlərinə ailəvi və kollektiv ekskursiyalarını təşkil etmək məqsədi ilə rayon mədəniyyət və turizm şöbəsi tərəfindən 6 istiqamət üzrə marşrut müəyyənləşdirilib. Bu marşrutlardan istifadə olunması üçün turizm obyektlərinin rəhbərlərinə proqramlar təqdim edilib, tövsiyələr verilib.
İstirahət mərkəzləri turistlərə nələr təklif edir?
AZƏRTAC-ın müxbiri rayonun iri turizm mərkəzlərində olub, istirahətçilər üçün yaradılan şəraitlə də maraqlanıb.
İlisu kəndində fəaliyyət göstərən “Uludağ” Turizm və İstirahət Mərkəzinin direktoru Zabit Əhmədovun sözlərinə görə, buradakı kottec tipli mənzillərdə eyni vaxtda 120-140 nəfər yerləşə bilər. Tələbatı nəzərə alaraq, növbəti ildə yataq yerlərinin sayının artırılaraq 180-ə çatdırılması, xidmətlərin çeşidinin çoxaldılması nəzərdə tutulur. İstirahət mərkəzində bir nəfər üçün bir günlük qalmaq və xidmət haqqı səhər yeməyi də daxil olmaqla, 30 manat təşkil edir. Bu qiymət turistləri tam qane edir.
İlisu kəndinə gedən yolun kənarında, səfalı bir guşədə yerləşən “Səngər qala” ailəvi istirahət mərkəzində 7 mərtəbəli 90 yerlik yeni otel binası bir aya yaxındır ki, istifadəyə verilib. Buradakı 2 nəfərlik mənzillərin qiyməti 80 manatdan başlayır. Bu qiymətə səhər yeməyi də daxildir. Mərkəzin həyətində turistlər üçün kənd mühitini xatırladan istirahət guşələri yaradılıb.
Yay aylarında öz istirahətlərini “İlisu” pansionatında keçirmək arzusunda olanları çox maraqlı sürprizlər gözləyir. Dağlar qoynunda yerləşən, bənzərsiz təbiəti olan bu istirahət mərkəzində yeni yaradılan müxtəlif əyləncə guşələri, o cümlədən uşaqlar və böyüklər üçün “macəralar parkı”, “möcüzələr adası”, velosiped meydançası turistlərin asudə vaxtlarının olduqca mənalı və səmərəli keçməsini təmin edəcək. Pansionatın direktoru Nizami Həşimovun dediyinə görə, bu il ilk dəfə olaraq istirahət edənlər, eləcə də alpinistliyə maraq göstərənlər üçün dağ yolu ilə gəzinti marşrutları müəyyənləşdirilib, 5 istiqamət üzrə cığırlar hazırlanıb. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq razılıq alınıb. Əsas məqsəd insanları təbiətə daha yaxın etməkdir. Bu marşrutların ən kiçiyinin uzunluğu 300 metr təşkil edir. Uzunluğu 24 kilometr olacaq ən uzun dağ cığırı isə xüsusi hazırlıq keçənlər və alpinistlər üçün nəzərdə tutulub. Bu marşrut Qaşqaçay kəndinədək uzanacaq.
Pansionatda eyni vaxtda 90 nəfər yerləşə bilir. Buradakı kotteclərin hər biri dörd nəfərlikdir. Gündə 3 dəfə yemək daxil olmaqla, bir nəfərin bir günlük qalma xərci 30 manat təşkil edir. Göründüyü kimi, bu qiymət turistlər üçün olduqca sərfəlidir.
Rayonun “Yaşıl park”, “El Resort”, “Eden” və digər istirahət mərkəzlərində də yerli və xarici turistlər üçün hər cür şərait yaradılıb.
“İçəribazar” Turizm Mədəniyyət Mərkəzində hər gün konsert və əyləncəli proqramlar təşkil olunacaq
Yay aylarında turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də Qax şəhərinin qədim tarixi hissəsi – “İçəribazar” Turizm Mədəniyyət Mərkəzinin ərazisidir. Burada fəaliyyət göstərən sənətkarlıq emalatxanaları – tətbiqi sənət, ağacoyma, toxucu, xalçaçı, Şərq şirniyyatı və təndirxana otaqları daim turistlərin xidmətindədir. Tətbiqi sənət nümunələrinin satış mərkəzində yerli sənətkarların hazırladıqları milli suvenirlər, rəngkarlıq və qrafika əsərləri, ağac üzərində oyma, daş üzərində təsvirlər, təkəlduz və toxuculuq nümunələri, suvenir xalçalar nümayiş olunur. Yerli sakinlərin və turistlərin asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün yay aylarında buradakı yay səhnəsində hər gün konsertlərin, əyləncəli proqramların keçirilməsi nəzərdə tutulur.









































Xəbərin mətnində orfoqrafik səhv var