CƏMİYYƏT
Yaz ağacəkmə kampaniyası çərçivəsində Nazirlər Kabinetinin əməkdaşları badam bağı salıblar
Bakı, 6 aprel, AZƏRTAC
Zığ qəsəbəsindən hava limanına uzanan yolun kənarında torpaqdan boy göstərən körpə fidanlar yaşıl budaqları ilə günəşi salamlayır. Titrək budaqları Bakı küləklərinə güclə tab gətirən körpə tinglər elə bil bu yerlərə, bomboz düzlərə yeni həyat gətiriblər...
AZƏRTAC xəbər verir ki, aprelin 6-da Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun ətrafında ağacəkmə aksiyası keçirilib. Aksiyada Nazirlər Kabineti Aparatının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları iştirak edib. Onlar ETSN-in “Azəryaşlandşaft” Açıq Səhmdar Cəmiyyəti və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilən birillik badam ağaclarını həmin ərazidə torpağa basdırıblar.
“Bu yaz özün bir təbiət yarat!” devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil olunan aksiya zamanı 2 hektar ərazidə 1500 badam ağacı əkilib.
Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xələfov nazirliyin təşəbbüsü ilə keçirilən yaz kampaniyasını təqdir edərək ekoloji mühitin sağlamlaşması və yaşıllıqların artırılmasında çox vacib kampaniya olduğunu söyləyib. O, bu kampaniyanın digər qurumlar tərəfindən də davam etdiriləcəyinə ümid bəslədiyini bildirib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdövsi Əliyev kampaniyanın Bakıda aprelin birinci yarısına, rayonlarda isə ayın axırlarınadək davam etdiriləcəyini qeyd edib.
Yeni əkilən ağaclar damcı suvarma üsulu ilə suvarılacaq və bunun üçün yaşıllaşdırma aparılan ərazidə hər cür hazırlıq işi görülüb.
… Daha bir neçə il keçəcək, yolun kənarında salınmış badam ağaclarından ibarət yaşıllıq zonası kiçik bir meşəyə çevriləcək, öz gözəlliyi ilə buradan keçənlərə könül xoşluğu, qəlb rahatlığı bəxş edəcək, yolçuları isə öz meyvəsinə qonaq edəcək…