ELM VƏ TƏHSİL
“Yazdım ki, izim qala...” kitab-albomu çapdan çıxıb
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun hazırladığı “Yazdım ki, izim qala...” kitab-albomu çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, nəşrdə görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin Əlyazmalar İnstitutu haqqında fikirləri, müxtəlif illərdə institutda olmuş xarici qonaqların xatirə kitabına yazdıqları ürək sözləri, bu görüşləri özündə əks etdirən foto, sənədli məlumatlar əksini tapır.
Kitab-albomun elmi məsləhətçisi institutun direktoru, akademik Teymur Kərimli, tərtibçisi və “Ön söz”ün müəllifi əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovadır. Nəşrin redaktorları filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli və professor Fərid Ələkbərlidir.
Nəşrdə ümummilli lider Heydər Əliyevin Əlyazmalar İnstitutundakı çıxışı yer alıb. Bundan əlavə, institutun tarixi “Xatirələrin izi ilə”, “Yazdım ki, izim qala”, “Unudulmayan tarix” başlıqları altında fotoxronika və xatirələrlə verilib.