REGİONLAR
Yazıçı-publisist Mustafa Çəmənli: Xoşbəxtəm ki, bu yaşımda Ağdamı görə bildim
Ağdam, 6 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Mən çox xoşbəxtəm ki, bu yaşımda işğaldan azad olunmuş Ağdamdayam. Bundan böyük xoşbəxtlik ola bilməz.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Ağdam şəhərinə səfər etmiş yazıçı-publisist Mustafa Çəmənli deyib.
O, 28 ildən sonra Ağdama gəlməklə həm böyük sevinc hissi yaşadığını, həm də burada gördüklərindən kədərləndiyini bildirib: “Ermənilərin Ağdamda törətdikləri vəhşilikləri görəndə çox kədərli hisslər yaşadım. Ağdamı belə görmək çox ağırdır. Məşhur "Ağdam" mahnısında deyilir:
Ağdam Qarabağın toy otağısan,
Bülbüllər sayrışan gül yatağısan.
Ağdama gələsən və bu mahnıda təsvir olunan Ağdamdan əsər-əlamət görməyəsən. Bundan ağır nə ola bilər. Mənə Ağdamı belə vəziyyətdə görmək çox ağırdır. Avtomobillə Ağdamın kəndlərinin yanından ötəsən və o kəndləri tanımayasan. Bundan böyük fəlakət varmı?! Bu fəlakəti törədənlər özünü dünyaya mədəni, qədim xalq kimi tanıtmaq istəyən ermənilərdir. İmarət kompleksinin qabağında qədim çinar ağacları var idi. Deyilənə görə, Pənahəli xan əkmişdi. Orada gözəl meyvə ağacları da var idi. İndi oralar quru səhranı xatırladır. Evlər, binalar kimi yaşıllıqlar da məhv edilib. Ancaq mən xoşbəxtəm ki, dağılmış olsa da, Ağdamı görə bildim. Biz Ağdamın Baş planı ilə tanış olduq. İnşallah ki, Ağdamın gözəl, abad, xoşbəxt günlərini də görəcəyik”.