MƏDƏNİYYƏT
“Yeddi gözəl” elektron kitabının jest dilində tərcüməsinin təqdimatı olub
Bakı, 8 oktyabr, AZƏRTAC
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Bakı Ekspo Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının elektron kitabının jest dilində tərcüməsinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, layihələnin rəhbəri və ideya müəllifi, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova F.Köçərli adına Respublika Uşaq Kitabxanasının artıq ikinci ildir belə bir layihə hazırladığını deyib.
“Yazılan kitabları sağlamlıq imkanları məhdud uşaqlar üçün jest dilində tərcümə edirik. Xüsusi internat məktəblərinin kitabxanalarına tərcümə olunmuş əsərlər hədiyyə olunur. Bu il bildiyiniz kimi, Nizami Gəncəvi ilidir və “Nizami Gəncəvi İli” çərçivəsində biz kitabxananın qızıl fondunda yerləşən və mühafizə edilən “Yeddi gözəl” poemasından uşaqlar üçün yeddi hekayəni jest dilində tərcümə eləmişik. Xorda iştirak edən uşaqlar 2 nömrəli xüsusi uşaq internat məktəbinin uşaqları idi. Onların nitq və eşitmə məhdudiyyəti var idi. Sağlam uşaqlarla birlikdə Azərbaycan Dövlət Himnini oxudular. Kitabxananın əsas məqsədi sağlam və sağlamlıq imkanları məhdud olan uşaqları bir aya gətirmək və sosial reabilitasiyanı təmin etmək, onlara dəstək olmaqdır. Bu gözəl məkanda layihəni sizə təqdim etməkdən çox şadıq. Bu əsərlərin ərsəyə gəlməsində əsas yük diktorların və təlimçi-tərcüməçilərin üzərinə düşür”, - deyə Şəhla Qəmbərova söyləyib.
Daha sonra mətn səsləndirilib.
Mətn Əməkdar artist Sevil Hüseynli və Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova tərəfindən səsləndirilib.
Mətn jest dilinə “Silent Communication” təşkilatının qurucusu və rəhbəri Şamil Sabirzadə və təşkilatın jest dili üzrə təlimçi və tərcüməçi Könül Quliyeva tərəfindən tərcümə edilib.