CƏMİYYƏT
Yeddi kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bakı, 27 mart, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da ümumi çəkisi 7 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Məmməd Cəfərovdan 6,75 qram marixuana aşkarlanıb. Əməliyyat-axtarış tədbirləri ilə onun idarə etdiyi “VAZ-2121” markalı avtomobildən isə əlavə olaraq 5 kiloqram 185 qram marixuana aşkarlanıb.
Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini Rəhman Əmirovdan 495 qram həşiş və 0,156 qram heroin götürülüb.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Cəmil Məmmədovdan 100,372 qram, yaşadığı evdən isə 1 kiloqramdan artıq tiryək aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.