CƏMİYYƏT
Yeddi nəfərin saxta və özgəsinə məxsus sənədlərlə dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb
Bakı, 3 iyul, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində iyunun ikinci yarısında dörd şəxsin saxta, üç nəfərin isə özgəsinə məxsus sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyunun 15-də Bakı–Riqa–Stokholm reysi ilə tranzit uçan 1987-ci il təvəllüdlü İraq vətəndaşı Omar Ahmed Hasaballahın İsveçin daimi yaşayış kartının özgəsinə məxsus olması aşkarlanıb.
İyunun 19-da Dubay–Bakı aviareysi ilə gələn Rusiya Federasiyasının vətəndaşı 1992-ci il təvəllüdlü İnalov Umar Alxamidoviçin sərhəd nəzarətinə təqdim etdiyi Rusiya pasportunun məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırılması müəyyənləşib. Saxlanılmış şəxsin üzərindən Ukraynaya da məxsus başqa bir saxta pasport aşkarlanıb. Araşdırma zamanı U.İnalovun 2016-cı ildən Rusiyada federal axtarışda olması aydınlaşdırılıb.
İyunun 20-də Sankt–Peterburq–Gəncə reysi ilə ölkəmizə gələn Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini 1962-ci il təvəllüdlü Həsənov Fizuli Vəli oğlunun təqdim etdiyi pasportun qardaşı Həsənov Nizami Vəli oğluna məxsus olması aşkarlanıb.
Habelə iyunun 25-də Dubay-Bakı-Milan reysi ilə tranzit uçan Şri-Lanka vətəndaşı 1996-cı il təvəllüdlü Vijayaseelan Tanjeevanın İtaliyaya məxsus yaşayış kartının saxtalaşdırılması məlum olub.
Daha bir fakt isə iyunun 26-da qeydə alınıb. Bakı–Moskva–Vyana reysi ilə tranzit uçan İraq vətəndaşı 1980-ci il təvəllüdlü Cəfər Ammar Musa Cəfərin Avstriyaya məxsus yaşayış kartının saxta olması aşkarlanıb.
İyunun 26-da Bağdad–Bakı reysi ilə gələn İraq vətəndaşı 1999-cu il təvəllüdlü Al Said Muhammad Cavad Camalın pasportundakı İran vizasında fotoşəkilin özgəsinə məxsus olması müəyyən edilib.
Digər fakt isə iyunun 30-da aşkarlanıb. İstanbul-Bakı reysi ilə gələn Bolqarıstan vətəndaşı 1973-cü il təvəllüdlü Dmitrov Valentin Konstantinovun pasportunun məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırılması müəyyənləşdirilib.
Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.