ELM VƏ TƏHSİL
Yeddi yüz bal toplayanlar üçün UNEC-də ikinci ixtisas ödənişsiz olacaq
Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yeni tədris ilindən Universitet Daxili İki Diplom (UDİD) proqramına yeniliklərlə başlayacaq.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, 2018/2019-cu tədris ilindən UNEC-ə 700 bal toplayaraq qəbul olunan tələbələr proqrama ödənişsiz qoşula biləcəklər. Altı yüzdən yüksək bal toplayan abituriyentlər üçün də UDİD proqramında inanılmaz fürsət yaradılıb. Belə ki, 600 və daha yüksək bal toplayaraq UNEC-i seçən abituriyentlərə UDİD proqramı üzrə təhsil haqqında əlli faiz güzəşt tətbiq olunacaq. UDİD proqramının məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələbləri icra etmək, bakalavriat səviyyəsində qəbul olunduğu ixtisaslarda müvəffəqiyyətlə təhsil alan tələbələrin ikinci ixtisas üzrə də əlavə təhsil almaqla, rəqabətədavamlı mütəxəssis kimi hazırlanmasıdır. UDİD proqramına qoşulan tələbələr dörd ildə iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı əldə edəcəklər.
İlkin mərhələdə UDİD proqramı maliyyə, mühasibat uçotu və audit və marketinq ixtisasları üzrə açılıb.
Qeyd edək ki, UNEC-ə 600 və daha yüksək bal toplayaraq qəbul olunan tələbələr universitetin xüsusi təqaüdünü də qazanırlar.