SİYASƏT
Yəhudi Xəbərlər Agentliyi İsrail Xarici İşlər Nazirliyi başçısının Azərbaycana səfəri haqqında məqalə dərc etmişdir
Bakı, 1 may (AZƏRTAC). Yəhudi Xəbərlər Agentliyi (YXA) İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfəri haqqında “İsrail XİN-in rəhbərinin Bakıda danışıqları” adlı məqalə dərc etmişdir.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanda rəsmi səfərdə olmuş, İsrail XİN-in rəhbəri Aviqdor Libermanın Bakıda bir sıra mühüm danışıqlar aparmasından söz açılır. İsrail XİN-in rəhbərinin əsas danışıqları Azərbaycan Prezidenti İlham Əliyev ilə olmuşdur.
Azərbaycan dövlətinin başçısının mətbuat xidmətindən Yəhudi Xəbərlər Agentliyinə bildirmişlər: “ Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin xarici işlər naziri Aviqdor Libermanın görüşündə müxtəlif istiqamətlərdə Azərbaycan-İsrail münasibətlərinin inkişafından məmnunluq ifadə olunmuşdur.
Həmçinin yüksək texnologiyalar sahəsində və kənd təsərrüfatı sektorunda Azərbaycan və İsrail əməkdaşlığının inkişafı ilə əlaqədar məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır”.
Prezident İlham Əliyev ilə görüşdən sonra Aviqdor Liberman Azərbaycan XİN-də qəbul edilmişdir.
İsrailin Bakıdakı diplomatik missiyasından Yəhudi Xəbərlər Agentliyinə bildirmişlər: “İsrail XİN-in rəhbəri Aviqdor Liberman və Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov arasında danışıqlarda iki ölkənin qarşılıqlı münasibətlərinin hazırkı vəziyyətindən razılıq ifadə olunmuş, siyasi, iqtisadi, ticarət, elmi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilmişdir.
Nazir Aviqdor Liberman azərbaycanlı həmkarı ilə görüşdə qeyd etmişdir ki, Azərbaycan ilə İsrail arasında sıx əlaqələr vardır. O, iki ölkə arasında münasibətlərin inkişafında Azərbaycanın israillilər icmasının müsbət rolunu qeyd etmişdir”.
Azərbaycan XİN-nin rəsmi məlumatına görə, nazirlər Aviqdor Liberman və Elmar Məmmədyarovun görüşünün sonunda iki ölkənin xarici işlər nazirlikləri arasında “Müntəzəm diplomatik məsləhətləşmələr” haqqında Protokol imzalanmışdır.