DÜNYA
Yelena İsinbayeva idmana qayıtmaq cəhdi barədə film çəkib
Bakı, 21 avqust, AZƏRTAC
Şüvüllə tullanmada ikiqat Olimpiya və üçqat dünya çempionu Yelena İsinbayeva qələbəyə inam barədə qısametrajlı filmə çəkilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, idmançı həm də ilk rejissor işi olduğu bu filmdə ana olduqdan sonra böyük idmana qayıtmaq qərarından tutmuş rusiyalı yüngül atletlərin iştirak edə bilmədiyi “Rio-2016” Olimpiadasınadək hər bir həyəcanlı gününü yenidən yaşayıb.
Y.İsinbayeva bu filmi Oyunlara hazırlaşmağı barədə çəkilən sənədli xronika adlandırıb. Onun sözlərinə görə, müəlliflər filmi tamaşaçılara 2017-ci ilin sonunda – ABŞ-da və ya Çində keçirilən festivalların birində göstərmək niyyətindədirlər.
2014-cü ildə ana olan Y.İsinbayeva bir il sonra idman karyerasını bərpa etmək istəyini bildirib və “Rio-2016”ya hazırlaşmağa başlayıb. Lakin Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası tərəfindən rusiyalı atletlərə yarışlarda iştiraka qoyulan qadağa nəticəsində idmançı qələbə imkanlarından məhrum olub.
Olimpiya Oyunları başa çatandan sonra Y.İsinbayeva böyük idmandan uzaqlaşdığını bəyan edib. Hazırda o, ikinci dəfə ana olmağa hazırlaşır.