REGİONLAR
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ucarda “Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda zona müşavirəsi keçirib
Ucar, 8 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə iyunun 8-də Ucarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda zona müşavirəsi keçirilib.
Müşavirədə Yeni Azərbaycan Partiyası Ağsu, Ağdaş, Göyçay, İsmayıllı, Kürdəmir, Qobustan, Şamaxı, Ucar və Zərdab rayon təşkilatları Gənclər birliklərinin sədrləri və üzvləri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə çiçəklər qoyulub.
Zona müşavirəsində Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzinin konfrans zalında təşkil olunan zona müşavirəsini açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın düşdüyü çətin durumdan, böyük öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb.
YAP rayon təşkilatları Gənclər birliklərinin sədrləri və üzvləri çıxışlarında Milli Qurtuluş Gününün Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan ümumxalq bayramına çevrildiyini vurğulayıblar. Qeyd edilib ki, bu günlərdə ötən əsrin 90-cı illərində yaşanan hadisələr xatırlanır, ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri, müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi, dövlət quruculuğu sahəsindəki titanik fəaliyyəti bir daha təhlil edilir, öyrənilir.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək Azərbaycanda ötən əsrin 90-cı illərində yaşanan ağır durumdan, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, qurtuluş tarixi üzərində bərqərar olan dövlət siyasətinin təntənəsindən danışıb.
Çıxışlarda belə bir fikir də vurğulanıb ki, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli idarəçiliyi, beynəlxalq siyasi nüfuzu, dövlətimizin başçısına ümumxalq məhəbbəti sayəsində daha böyük uğurlara, yeni-yeni zirvələrə doğru inamla addımlayır.