ELM VƏ TƏHSİL
“Yeni Çağırışlar” onlayn müzakirə proqramında təhsildə effektivlik və liderlik barədə danışılacaq
Bakı, 6 may, AZƏRTAC
Mayın 7-si saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqramın budəfəki qonağı təhsildə liderlik üzrə tanınmış amerikalı mütəxəssis, İndiana Dövlət Universitetinin fəxri professoru Tod Vitaker olacaq. Onunla təhsildə effektivlik və liderlik barədə danışılacaq.
Tod Vitaker motivasiya, təhsil liderliyi və effektivlik üzrə Amerikanın ən qabaqcıl mütəxəssislərindən biridir. O, 50-dən çox kitabın müəllifidir. Ali təhsil sahəsində karyerasına başlamadan öncə məktəbdə riyaziyyat müəllimi, basketbol məşqçisi və müdir işləyib.
Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasının təşkilatçılığı ilə davam edən proqram Təhsil Nazirliyinin feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.
“Yeni çağırışlar”da məşhur “Khan Academy”nin qurucusu Sal Xan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, dünyanın ən zəngin ikinci adamı İlon Maskın anası, yazıçı, diyetoloq və model Mey Mask, tanınmış təhsil tədqiqatçısı və yazıçı Özgür Bolat, finlandiyalı professor Pasi Sahlberq, harvardlı alim Toni Vaqner, Türkiyə Təhsil Dərnəyinin prezidenti Səlcuq Pəhlivanoğlu, Toronto Universitetinin fəxri professoru, beynəlxalq səviyyədə tanınan yazıçı və təhsil tədqiqatçısı Maykl Fullan qonaq olub.