CƏMİYYƏT
“Yeni Nəsil” gənc sahibkarlara dəstək layihəsi iki min nəfəri əhatə edəcək
Bakı, 1 noyabr, Həsrət Mahmudova, AZƏRTAC
Noyabrın 1-də Bakıda “Yeni Nəsil” gənc sahibkarlara dəstək layihəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində 2018-2019-cu illərdə həyata keçiriləcək layihə dörd iqtisadi rayonu əhatə edəcək.
Layihənin açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, əsas məqsəd ölkə gənclərini sahibkarlığa cəlb etmək və onların biznes ideyalarını daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, onların fəaliyyəti üçün əlverişli şərait yaradılır. Həyata keçirilən islahatlarda gənc sahibkarların da xüsusi yeri var. Bu layihə gənclər arasında məşğulluğun təmin olunmasına müsbət təsir göstərməklə yanaşı, eyni zamanda, gənclər siyasətinə də mühüm töhfədir. Əminəm ki, bu gün start götürən layihə uğurlu olacaq”, - deyə nazir müavini qeyd edib.
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) sədri Ələkbər Mustafayev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov layihənin əhəmiyyətindən danışıb, onun gənc sahibkarlar üçün təqdim etdiyi imkanlar barədə məlumat veriblər. Qeyd olunub ki, bir il ərzində həyata keçiriləcək “Yeni Nəsil” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarını əhatə edəcək. “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçiriləcək bu layihəyə ümumilikdə 2 min gəncin cəlb olunması nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, layihəyə qoşulan gənc sahibkarların seçimi dörd mərhələdə aparılacaq. İlk mərhələdə iqtisadi zonalarda 2 min gəncin hər birinin müraciəti dəyərləndirildikdən sonra seçilmiş layihələrin müəllifləri maliyyə savadlılıqlarını və biznes biliklərini artırmaq üçün təlimlərə cəlb olunacaqlar. İkinci mərhələdə təlimləri uğurla başa vuracaq gənclər arasından seçiləcək min nəfər biznes planlarını hazırlayıb təqdim edəcəklər. Üçüncü mərhələyə keçid şansı əldə etmiş startapçılar arasından 100 nəfər investisiya və mentor dəstəyi qazanacaq. Gənclər investisiya və altı ay davam edəcək mentor dəstəyi ilə biznes ideyalarını formalaşdıraraq dördüncü mərhələyə hazırlaşacaqlar. Mentorların dəstəyi komandaların ilk məhsullarını yaratması prosesinə töhfə verəcək. Yekun mərhələdə 20 uğurlu startap komandası layihələrinin inkişafı məqsədilə biznes inkubasiya və “Co-working” mərkəzlərinə yönəldiləcək. Sonra isə gənclər növbəti investisiya şansı əldə etmək üçün şəbəkə və investor günlərinə qatılacaqlar.
Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, “Coca-Cola” şirkətinin dəstəyi ilə “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçiriləcək.