DÜNYA
Yeni “ağıllı” qurğu işıqlandırma cihazlarını idarə edəcək
Bakı, 2 sentyabr, AZƏRTAC
"Philips" şirkəti simsiz "Wi-Fi" şəbəkəsi vasitəsilə ayrı-ayrı çoxsaylı işıqlandırma cihazlarını idarə edəcək yeni "ağıllı" qurğu nümayiş etdirib.
AZƏRTAC "Naked Science" resursuna istinadən xəbər verir ki, yeni məhsul "Hue Motion Sensor" adlanır və şirkətin əvvəllər hazırladığı "Hue" lampalarının idarə edilməsinə xidmət edir. Kiçikölçülü düzbucaqlı cihaz batareya ilə işləyir ki, bu da lazımsız simlərə ehtiyacı aradan qaldırır. Qurğunu evin istənilən yerində vint və ya maqnit tutqac vasitəsilə quraşdırdıqdan sonra ötürücü "Wi-Fi" modulun köməyi ilə "Hue" seriyalı bütün işıqlandırma cihazlarına qoşula biləcək.
Mütəxəssislərin sözlərinə görə, enerjini iki AAA batareyasından alan ötürücü 2-3 il işləyəcək. Passiv infraqırmızı işıq sayəsində qurğu 5 metr məsafəyədək hərəkəti qeydə ala biləcək.
Xüsusi "Philips Hue" əlavəsi vasitəsilə cihazı müxtəlif işıqlandırma rejimlərinə və hərəkətlərə reaksiya üsullarına uyğun quraşdırmaq mümkün olacaq. Cihaz günün vaxtını müəyyənləşdirə bilir ki, bu da onu müvafiq işıqlandırma səviyyəsinə uyğunlaşdırmağa imkan verir.
Bir "Hue Motion Sensor" cihazına eyni anda 50-dək işıq və digər aksessuar qoşmaq olar
"Philips" nümayəndələrinin sözlərinə görə, yeni qurğu vaxtın və işıqlandırma səviyyəsinin müəyyənləşdirilməsi funksiyası sayəsində elektrik enerjisinə xeyli qənaət etməyə imkan verəcək.
Oktyabrda satışa çıxarılacaq yeni qurğunun qiyməti 40 dollar təşkil edəcək.