ELM VƏ TƏHSİL
“Yeni çağırışlar” müzakirə proqramında qlobal təhsil və yeni səriştələr barədə danışılacaq
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 25-də “Yeni çağırışlar” müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.
Bu barədə AZƏRTAC-a “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasından məlumat verilib. Bildirilib ki, proqramın budəfəki qonağı Harvard Universitetinin professoru, Qlobal Təhsil İnnovasiyaları Təşəbbüsünün direktoru Fernando Reimers olacaq. Dünyaşöhrətli professor ilə qlobal təhsil və yeni səriştələr barədə danışılacaq. F.Reimers UNESCO-nun Təhsilin Gələcəyi Komissiyasının üzvü olaraq “Gələcəyimizi birgə dizayn etmək” hesabatını hazırlayıb. Dünyanın bir çox məktəblərində istifadə olunan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun kurikulum tərtib edib. Hazırda onun fəaliyyəti təhsildə innovasiya, təhsilin siyasəti, liderliyi və müəllimlərin peşəkar inkişafına yönəlib. O, bu anlayışların uşaqların və gənclərin hərtərəfli inkişafına təsirini öyrənən tədqiqatlar aparır. Həmçinin Harvard Universitetinin qlobal missiyasının inkişafı üçün çalışır və iqlim dəyişikliyinə yönəlik proqramların effektivliyinin artırılması üzərində işlər həyata keçirir. Harvard Universitetində bir çox məsləhət şuraları və komitələrin üzvüdür. Rəhbərlik etdiyi Qlobal Təhsil İnnovasiya Təşəbbüsü ölkələrarası tədqiqat və təcrübə əməkdaşlığını əks etdirir. “Qlobal vətəndaşların inkişafı: dünya kursu”, “Gələcəyi daha yaxşı inşa etmək üçün təhsil”, “Pandemiya dövründə məktəb və universitet əməkdaşlığı”, “Təhsil üçün yeni sosial müqavilə: gələcəyimizi birgə dizayn etmək”, “Qlobal dünyada əməkdaşlıq”, “Sinif otaqlarının və düşüncələrin inkişafı üçün 12 dərs” olmaqla ümumilikdə 45 kitabın müəllifi və ya redaktorudur
Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasının təşkilatçılığı ilə təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram nazirliyin rəsmi feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.