İQTİSADİYYAT


Yeni hesablaşma agenti modelinin tətbiqinə başlanılıb

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 2-dən Azərbaycanın qiymətli kağızlar bazarında “Qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə hesablaşma agenti modeli”nin tətbiqinə başlanılıb.

Milli Depozit Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeni modelin tətbiqində məqsəd Azərbaycanın qiymətli kağızlar bazarında klirinq və hesablaşmaların beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, bazarda likvidliyin daha səmərəli tənzimlənməsi və bütövlükdə ölkənin qiymətli kağızlar bazarının daha da inkişaf etdirilməsidir.

Yeni modelə əsasən, qiymətli kağızlar bazarında pul hesablaşmaları kommersiya bankları tərəfindən həyata keçirilməyə başlayır, qiymətli kağızlar üzrə hesablaşmaların aparılması isə klirinq təşkilatı qismində Milli Depozit Mərkəzi tərəfindən həyata keçirilir. Beləliklə, mütərəqqi təcrübə əsasında hazırlanmış hesablaşma agenti modeli aktivlərin əvvəlcədən bloklaşdırılması zərurətinin aradan qaldırılması, zəmanət mexanizmlərinin təkmilləşdirilməsi, pul hesablaşmaları üzrə real ödənişə qarşı çatdırılma mexanizminin tətbiqi kimi üstünlüklərə malik olaraq bankların kapital bazarına cəlb edilməsinə, investisiya şirkətləri üçün yeni maliyyə imkanlarının yaradılmasına xidmət edir.

Bundan başqa, hesablaşma rejimlərinin optimallaşdırılması məqsədilə yeni hesablaşma modelinin tətbiqi səhmlər və dövlət istiqrazları ilə yanaşı, korporativ istiqrazların da təkrar bazar əqdləri üzrə hesablaşmaların “T+0” rejimindən “T+1” rejiminə keçidini mümkün edir. Bu, öz növbəsində, xarici investorların yerli bazara cəlb olunması, onların bazarda iştirakının təşviqi, eləcə də yerli investorların investisiya imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, modelin tətbiq edilməsinə dair “Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair Kollektiv Saziş” mayın 27-də Milli Depozit Mərkəzi, Azərbaycan Mərkəzi Bankı, “Azər Türk Bank” ASC, “PAŞA Bank” ASC, “Xalq Bank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC və hazırda bazarda fəaliyyət göstərən 8 investisiya şirkəti arasında imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.