ELM VƏ TƏHSİL
Yeni monoqrafiya: “Sağlamlığın qorunması hüququ insan və vətəndaşların əsas konstitusion hüquqlarından biri kimi”
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Zamiq Aslanovun “Sağlamlığın qorunması hüququ insan və vətəndaşların əsas konstitusion hüquqlarından biri kimi” monoqrafiyası çap edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiya insan və vətəndaşların əsas konstitusion hüquqlarından biri kimi sağlamlığın qorunması hüququnun təhlilinə həsr olunub. Müəllif kitabda sağlamlığın qorunması anlayışını, onun əsas prinsiplərini, bu hüququn yaranması və inkişaf tarixini araşdırıb. Bununla yanaşı, sağlamlığın qorunması hüququnun məzmununu, mənbələrini, dövlətdaxili və beynəlxalq təminatlarını tədqiq edib. Həmçinin sağlamlığın qorunması hüququnun dolğun təminatının mühüm şərti kimi tibbi yardım sisteminin inkişaf perspektivlərini ətraflı nəzərdən keçirib.
Kitab elmi işçilər, hüquq və tibb təhsili verən ali təhsil müəssisələrinin müəllimləri, doktorantları, magistrantları, tələbələri, səhiyyə və sosial təminat işçiləri, tibbi fəaliyyətin hüquqi tənzimi və əhalinin sağlamlığının qorunması problemləri ilə maraqlananlar üçün nəzərdə tutulub.