ELM VƏ TƏHSİL
Yeni nəşr: Mobil hesablama buludları: mövcud vəziyyəti, inkişaf mərhələləri, problemləri və həlli yolları
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun və institutun sektor müdiri Oqtay Ələkbərovun həmmüəllifi olduqları “Mobil hesablama buludları: mövcud vəziyyəti, inkişaf mərhələləri, problemləri və həlli yolları” kitabı nəşr olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevdir. Yeni nəşrdə hesablama buludlarının mövcud vəziyyəti və inkişaf perspektivləri analiz edilib, mobil bulud texnologiyalarının arxitektur-texnoloji prinsipləri araşdırılıb. Həmçinin mobil bulud texnologiyalarının elmi-nəzəri problemləri araşdırılıb və bu istiqamətdə elmi-tədqiqat işlərinin vəziyyəti müəyyənləşdirilib.
İnformasiya Texnologiyaları İnstitutunun elmi şurasının qərarı ilə çapa tövsiyə olunmuş kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə yerinə yetirilib.