DÜNYA


Yeni sorğu: COVID-19 pandemiyasına qarşı mübarizənin səmərəsiz olması ABŞ-ın dünyada nüfuzuna mənfi təsir göstərir

Vaşinqton, 16 sentyabr, AZƏRTAC 

Pyu Tədqiqat Mərkəzi tərəfindən aparılmış yeni ictimai rəy sorğusunun nəticələri göstərib ki, bəzi ölkələrdə ABŞ-ın nüfuzu rekord dərəcədə aşağı səviyyəyə düşüb. Bunun bir səbəbi də COVID-19 pandemiyasına qarşı mübarizənin səmərəli idarə edilməməsi ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, nəticələri sentyabrın 15-də dərc edilmiş sorğu zamanı məlum olub ki, altı ölkədə - Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, Kanada və Avstraliyada ABŞ-ın reytinqi rekord dərəcədə aşağı səviyyəyə düşüb.

Məlum olub ki, bu il britaniyalıların cəmi 41 faizi Birləşmiş Ştatlara müsbət münasibət bəsləyir. Bu, Pyu Tədqiqat Mərkəzi tərəfindən təqribən 20 il bundan əvvəl aparılmağa başlanmış sorğular zamanı qeydiyyata alınmış ən aşağı göstəricidir. Müqayisə üçün xatırladaq ki, təqribən 20 il bundan əvvəl britaniyalıların 83 faizi ABŞ-a müsbət münasibət bəsləyirdi.

Fransada respondentlərin cəmi 31 faizi Birləşmiş Ştatlara müsbət münasibət bəslədiyini bildirib, halbuki bir neçə il bundan əvvəl müvafiq göstərici 62 faizə bərabər idi. İndiki rəqəm 2003-cü ildə İraqda müharibə ilə əlaqədar ABŞ ilə Fransa arasında gərginliyin ən yüksək həddə çatdığı dövrlə müqayisədə xeyli aşağıdır.

Almaniyada rəyi soruşulanların cəmi 26 faizi ABŞ-a müsbət münasibət bildirib. Bu da 2003-cü ilin martından bəri ən aşağı reytinqdir.

Kanadada 2003-cü ildə ABŞ-a müsbət münasibət bildirənlərin sayı 72 faiz olduğu halda bu il həmin göstərici 2 dəfədən çox azalaraq 35 faizə enib.

Avstraliyada ABŞ-ın müsbət reytinqi həmin dövr ərzində 59 faizdən 33 faizə, Yaponiyada isə 77 faizdən 41 faizə düşüb.

Sorğunun müəllifləri bildiriblər ki, son bir ildə ABŞ-ın reytinqinin aşağı düşməsi bu ölkədə COVID-19 pandemiyasına qarşı mübarizənin lazımınca səmərəli olmaması ilə bağlıdır. Rəy sorğusu keçirilmiş 13 ölkədə respondentlərin əksəriyyətinin fikrincə, Vaşinqtonun bu istiqamətdə gördüyü tədbirlər qeyri-adekvat hesab edilməlidir.

Sorğu aparılmış 13 ölkənin hamısında Prezident Donald Trampın reytinqi çox aşağı olub. Onun ən yüksək reytinqi Yaponiyada qeydə alınıb. Burada respondentlərin yalnız 25 faizi əminliklə bildiriblər ki, Tramp beynəlxalq münasibətlərdə düzgün hərəkət edir.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.