İDMAN
Yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyinə yekun vurulub
Bakı, 11may, AZƏRTAC
Mayın 11-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışda 8 komandadan 100 atlet iştirak edib. Çempionatda atletlər 100, 200, 400, 800 və 1500 metr məsafələrə qaçış, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə, lövhə atma yarışlarında qüvvələrini sınayıblar.
Yarışlarda oğlanlar arasında uzunluğa tullanmada Kəsgin Abbaszadə, üçtəkanlı tullanmada Emil İlyasov, hündürlüyə tullanmada Nikita Neftyakov, lövhə atmada Nihad Qurbanzadə, nüvəitələmədə Şakir Azakov qalib adını qazanıblar. Qızlar arasında isə uzunluğa və üçtəkanlı tullanmada Aysel Mehrəliyeva, hündürlüyə tullanmada Alisa Xocayeva, nüvəitələmədə Aysun Əhmədova birinci yerə layiq görülüblər.
Qaçış növləri üzrə oğlanların yarışında Kəsgin Abbaszadə (100 m), Elcan Cəfərov (200 m), İbrahim Orucov (400 m, 800 m), Mahmud Mehdiyev (1500 m) birinci yerdə qərarlaşıblar. Qızların yarışında isə Samirə Cəbrayılzadə (100 m), Nilufər Şabanlı (200 m), İradə Əliyeva (400 m, 800 m) birinci olublar.
Çempionat Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.