REGİONLAR


Yerli özünüidarəetmə fəaliyyətində yeni mərhələyə doğru

Bakı, 4 dekabr, AZƏRTAC

Bələdiyyə fəaliyyətinin önəmli istiqamətlərindən biri də faydalı və maraqlı beynəlxalq əməkdaşlıq münasibətlərinin və onun tərkib hissəsi olan beynəlxalq layihələrin həyata keçirilməsidir. Beynəlxalq layihələr ölkə, o cümlədən istənilən bələdiyyə üçün investisiya imkanı, faydalı xarici tərəfdaş, müvafiq yaşayış məntəqəsinin sosial, ictimai və mədəni həyatında dinamikanın və rəngarəngliyin artırılması, yerli özünüidarəetmə qurumunun beynəlxalq əlaqələrinin inkişafı deməkdir. Xırdalan bələdiyyəsi 2021-ci ildə bir sıra istiqamətlər üzrə beynəlxalq əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə çalışmalara başlayıb. Onlardan biri də Avropa İttifaqının “EU4Culture” proqramında iştirakdır. Qrant müsabiqəsinin ilkin mərhələsini ölkəmizin 5 şəhəri keçə bildi: Xırdalan, Sumqayıt, Gəncə, Lənkəran və Şəki. Bu, kiçik uğur Xırdalan bələdiyyəsi üçün stimula çevrildi və növbəti mərhələyə hazırlaşmaq üçün motivasiya oldu.

Bunu AZƏRTAC-a açıqlamasında Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev bildirib.

O deyib: “Layihənin ikinci mərhələsinə daha ciddi və iddialı hazırlaşıldı. Bütün tələblərin nəzərə alındığı peşəkar layihənin hazırlanmasına, buna paralel şəkildə isə müxtəlif sahələri təmsil edən şəxslərdən ibarət geniş tərkibli (dövlət qurumu, vətəndaş cəmiyyəti, sənaye, təhsil, mədəniyyət və s. sahələr) Paydaş Şurası yaratmağa nail olduq. Rəqiblərimizin sırasında ölkənin iki böyük şəhəri, həmçinin digər iki regional mərkəz olan önəmli şəhər var idi. Bu şəhərlərin hər biri mədəniyyət institutlarının sayına görə Xırdalan şəhərindən xeyli üstün idi. Amma biz də “yarışa” kifayət qədər ciddi yanaşırdıq. Xırdalan bələdiyyəsi olaraq əhalisinin sayına görə ölkənin dördüncü böyük şəhərinin mədəni potensialını, qədim yaşayış məntəqələrindən sayılan 32 Bakı kəndinin təqribən yarısının - 15-nin Abşeron rayonunun tərkibində olmasını, son 20 ildə ən böyük urbanizasiyanın və ölkədaxili miqrasiyanın müşahidə edildiyi Xırdalanda əhalinin mədəniyyət təsisatlarına olan ehtiyaclarını və onun qarşılanması ilə bağlı rasional təklifləri və bir sıra digər önəmli məqamları layihədə aydın şəkildə təsvir etdik və intizarla nəticənin açıqlanmasını gözləməyə başladıq”.

Bələdiyyə sədri qeyd edib ki, noyabrın 12-də Avropa İttifaqının “EU4Culture” proqramı əsasında qurumun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə Mədəni İnkişaf Strategiyalarının hazırlanması mövzusunda qrant müsabiqəsinin qalibləri olan şəhərlərin təqdimat mərasimi keçirildi. Şərq Tərəfdaşlığına aid 5 ölkənin 70 şəhərinin qatıldığı müsabiqənin ölkəmiz üzrə 3 qalib şəhərindən birinin Xırdalan olduğu elan edildi. Xırdalan şəhərinin tarixində, həmçinin Azərbaycanın 1606 yerli özünüidarə qurumu arasında ilk dəfə olaraq Xırdalan bələdiyyəsi Avropa İttifaqının “EU4Culture” müsabiqəsinin qalibi oldu.

“EU4Culture” layihəsi barədə danışan Orxan Musayev qeyd edib ki, layihənin əsas məqsədi mədəni irs nümunələri sayılan kitabxana, muzey və digər mədəniyyət ocaqlarının fəaliyyətində Avropa modellərinin tətbiq edilməsinə, şəhərlərin mədəniyyət potensialının realizəsinə yardım olunmasını, həmçinin regionda mədəni əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verməkdir. Xırdalan bələdiyyəsi bu layihə çərçivəsində qarşıdakı 6 ay ərzində Xırdalan şəhərinin Mədəni İnkişaf Strategiyasını hazırlayacaq. Rəqabətə davamlı, çətin seçim meyarlarına cavab verəcək səviyyədə layihənin hazırlanması üçün müvafiq işin effektiv təşkili və müsabiqənin iki mərhələsinin müvəffəqiyyətlə başa vurulması yalnız Xırdalan bələdiyyəsinin deyil, bütövlükdə Azərbaycan yerli özünüidarə qurumlarının tarixində böyük uğurdur. “EU4Culture” layihəsi mədəniyyət təsisatlarının sayına görə öyünə bilməyəcək, bu sahədə məhdud resurslara malik, ancaq buna baxmayaraq, ciddi yaradıcı və kulturoloji potensialı olan Xırdalanın mədəni simasına yeni çalarlar gətirməyi hədəfləyir. Bunun üçün isə ilk növbədə şəhərin mədəni inkişaf strategiyası hazırlanmalıdır. “Biz bu layihəni hazırlayarkən yalnız Xırdalanın deyil, mərkəzində 240 minlik Xırdalan şəhərinin dayandığı Abşeronun 14 qədim kənd və qəsəbəsinin mədəni inkişafına töhfə verməyi nəzərdə tutmuşuq”, - deyə bələdiyyə sədri vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.