CƏMİYYƏT
Yetkinlik yaşına çatmayan şəxs sosial reabilitasiya və psixoloji xidmətlərə yönləndirilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Sosial şəbəkələrdə Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı valideyninin müraciəti əsasında yayılmış məlumatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən dərhal nəzarətə götürülüb, o, yetkinlik yaşına çatmayanla telefon əlaqəsi saxlayıb. Eləcə də Ombudsmanın tapşırığı əsasında Müvəkkilin Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən ailələr ziyarət edilib, yetkinlik yaşına çatmayan şəxs qəbul olunub, məsələ yerində araşdırılıb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yetkinlik yaşına çatmayan şəxs Bakı şəhərində lazımi sosial reabilitasiya və psixoloji xidmətlərə yönləndirilib, hüquqlarının təmini nəzarətdə saxlanılır.
Müvəkkil yetkinlik yaşına çatmayan şəxsin maraqlarının təmin edilməsinə dəstək olan vətəndaşlara, dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinə öz təşəkkürünü bildirir.