REGİONLAR
Yevlax: bayram yarmarkasında qiymətlər bazardakından xeyli ucuzdur
Yevlax, 10 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Novruz bayramı ilə əlaqədar respublikamızın bütün bölgələrində olduğu kimi Yevlax rayonunda da ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir. Dövlətimizin başçısının tapşırığına əsasən xalqımızın ən əziz bayramı ərəfəsində təşkil olunan yarmarkaların məqsədi əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax şəhərində açılan yarmarkada əsasən, rayonda istehsal olunan ət və süd məhsulları, meyvə, tərəvəz, göyərti, bayram çərəzləri satışa çıxarılıb. Məhsullar alıcılara bazardakından xeyli ucuz qiymətə təklif olunur. Yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Alıcıların məlumatlandırılması məqsədilə yarmarkanın girişində məhsulların qiyməti yazılmış lövhə vurulub.
Sakinlər yarmarkanın keçirilməsini rəğbətlə qarşılayıb, məhsulların keyfiyyətindən və qiymətindən razılıq ediblər.
Yevlax Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bayram satış yarmarkaları martın 16-dan etibarən gündəlik təşkil olunacaq.