REGİONLAR
Yevlax pambıqçıları məhsul yığımına hazırlaşırlar
Yevlax, 1 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlax rayonunda pambıqçılıqla məşğul olan fermerlər məhsul yığımına hazırlaşırlar.
AZƏRTAC xəbər verir ki, Yevlax rayonunda bu il 1435 hektar sahədə pambıq becərilib. Bu da ötən ildəkindən 477 hektar çoxdur. Rayonun fermerləri pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax filialı ilə müqavilə əsasında becərirlər.
“MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax filialının aqronomu Məzahir Mahmudov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, 805 hektar sahədə pambıq becərilməsi üçün 85 fermerlə müqavilələr bağlanıb. Müqaviləyə əsasən, fermerlərə indiyədək 328 min 906 min manat avans vəsait verilib. Fermerlər texnikalarla, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər.
Pambığın becərilməsində suvarma, gübrələmə, kultivasiya, zərərvericilərə və xəstəliklərə qarşı mübarizə, ucvurma və sair kimi aqrotexniki tədbirlər vaxtında həyata keçirilib. Hazırda pambıq tarlalarında becərmə başa çatmaq üzrədir. Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün bir neçə gündən sonra pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsinə (defoliasiya) başlanılacaq. Pambıq yığımına isə iki həftədən sonra start veriləcək.
Kövər kənd sakini Fikrət Nəbiyev yevlaxlı fermerlərin pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə böyük həvəslə qoşulduğunu deyib: “MKT İstehsalat Kommersiya” MMC ilə müqavilə əsasında 5,5 hektarda çiyid səpmişəm. Türkiyədən gətirilmiş məhsuldar toxumla, həmçinin gübrə, dərman və texnika ilə təmin edilmişik. Hazırda son becərmə işləri aparırıq. Hesab edirəm ki, hər hektardan orta hesabla 30 sentnerdən artıq məhsul götürəcəyik”.