REGİONLAR
Yevlaxda akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb VİDEO
Yevlax, 28 aprel, AZƏRTAC
Yevlax Şəhər İcra Hakimiyyəti və Yevlax Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında hazırlanmış videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev deyib: “Tarixdə elə şəxsiyyətlər var ki, onların ömür yolu və fəaliyyəti həm də xalqlarının, dövlətlərinin tarixinə həkk olunur. Onların irsi dərindən tədqiq olunur, gələcək nəsillərə öyrədilir və nəticə çıxardılır. Tarixə adını, izini, xidmətlərini həkk etdirmiş belə şəxsiyyətlər mənsub olduqları xalqın qüruru, iftixarı olur və bütün tarixi mərhələlərdə öz millətləri üçün mükəmməl nümunəyə çevrilirlər. Bu gün işığına, nuruna toplaşdığımız qüdrətli insanın – görkəmli alim Zərifə xanım Əliyevanın da şərəfli adı, misilsiz fəaliyyəti tariximizin şanlı səhifələrini təşkil edir. Zərifə xanım dünya oftalmologiya elminin parlaq simalarından olub, şəfalı əlləri ilə minlərlə xəstənin gözlərindəki zülməti işığa çevirib. Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım, eyni zamanda, 30 illik savaşı Zəfərlə bitirən, dünya miqyaslı siyasi lider olan, tarixin ən qüdrətli Azərbaycanını yaradan Müzəffər Komandanı yetişdirmiş fədakar, qayğıkeş ana olub”.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax Şəhər Xəstəxanası publik hüquqi şəxsin direktoru Fazil İsmayılov, həkim-oftalmoloq Güləndam İsgəndərli və başqaları Zərifə xanım Əliyevanın mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri ilə yanaşı, ictimai-siyasi fəaliyyətindən də danışıblar. Qeyd edilib ki, Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaq. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Zərifə xanımın traxoma xəstəliyinin müalicəsi sahəsində təklif etdiyi müalicə metodları tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.
Tədbirin sonunda Yevlax Mədəniyyət Mərkəzinin əməkdaşları Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş şeir və musiqi nömrələri ifa ediblər.