REGİONLAR
Yevlaxda epizootik tədbirlərə dair maariflənmə işləri aparılır
Bakı, 21 dekabr, AZƏRTAC
Cari ilin ötən dövründə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Yevlax Rayon Baytarlıq İdarəsi “Epizootiya əleyhinə profilaktika, müalicə və diaqnostika tədbirləri” planına uyğun olaraq, heyvanlar arasında qarayara, dabaq, nodulyar dermatit, çiçək, leptospiroz, bruselyoz, nyukasl xəstəliyinə qarşı “H” vaksini və “La-sota” vaksini ilə peyvəndləmə tədbirləri aparıb.
Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Quşlar arasında askaridioza, xırdabuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza, monezioz-tizaminioza qarşı və iribuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza qarşı kaproloji müayinələr, eləcə də heyvanlarda ektoparazitlərə qarşı çimizdirmə tədbirləri görülüb.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkarlamaq, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə 12117 baş iribuynuzlu və 3514 baş xırdabuynuzlu heyvandan qan nümunələri alınaraq müayinə edilib. Eləcə də törədici qoçlarda infeksion epidedimitə görə, iribuynuzlu heyvanlar vərəmə, təkdırnaqlı heyvanlar manqoya görə diaqnostik müayinəyə cəlb olunub və yoluxma aşkarlanmayıb.
Rayonda epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mal-qara saxlanılan binaların, qış yataqlarının və heyvan bazarının dezinfeksiyası və dezinseksiyası da aparılıb. Qışlamaya hazırlıq ilə əlaqədar Yevlaxda olan “Bərəkət” və “Laçın” heyvandarlıq təsərrüfatına baxış keçirilib. Sahibkarlar tərəfindən mexaniki təmizlik aparıldıqdan sonra “Bərəkət” kəndli-fermer təsərrüfatının 2400 kvadratmetr sahəsində və “Laçın” heyvandarlıq təsərrüfatının isə 1500 kvadratmetr sahəsində dezinfeksiya və dezinzeksiya tədbirləri icra edilib.
Qeyd edək ki, cari ilin müvafiq dövrü ərzində Yevlax rayonunda 144112 kvadratmetr sahədə profilaktiki və 40 kvadratmetr sahədə isə məcburi dezinfeksiya işləri görülüb.
Dezinfeksiya və dezinseksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Yevlax Rayon Baytarlıq İdarəsinin əməkdaşları profilaktik, müayinə və müalicə tədbirləri aparmaqla yanaşı, ayrı-ayrı fermerlər arasında maarifləndirmə və təbliğat işləri də həyata keçirirlər. Aparılan maarifləndirmə işlərinə Dövlət Baytarlıq Xidmətinin Yevlax rayonuna ezam edilmiş əməkdaşları da dəstək veriblər.
Hazırda 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə və diaqnostik müayinələrin aparılmasını təmin etmək məqsədilə hazırlıq işlərinə başlanılıb.