REGİONLAR
Yevlaxda referenduma hazırlıq işləri seçki qanunvericiliyinin tələblərinə uyğun aparılır
Yevlax, 31 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
48 saylı Yevlax seçki dairəsinin dairə və məntəqə seçki komissiyalarında sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi – referenduma hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Təqvim planı”na uyğun olaraq davam etdirilir.
Dairə seçki komissiyasının sədri Yaşar Abbasov AZƏRTAC-a bildirib ki, dairənin tərkibinə daxil olan 31 seçki məntəqəsi üzrə 34 min 105 seçici qeydə alınıb. Onlardan 268 nəfəri seçki hüququndan ilk dəfə istifadə edəcək gənclərdir. Seçicilərin 929 nəfəri 80-100 yaş arasındadır, 11 seçicinin yaşı isə 100-dən yuxarıdır. 27 saylı seçki məntəqəsində qeydə alınmış 120 yaşlı Zərnişan İsmayılova rayonun ən yaşlı seçicisidir.
Komissiya sədrinin bildirdiyinə görə, bütün seçki məntəqələrində cari təmir işləri aparılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi və rabitə şəbəkəsi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Mərkəzi Seçki Komissiyasının xətti ilə dairə seçki komissiyası üzvlərinin və seçki məntəqələri sədrlərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması məqsədi ilə seminar-treninq keçirilib. Sentyabrın 5-dən isə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılacaq.
Azərbaycan Respublikası konstitusiyasının ümumxalq səsverməsinə çıxarılan hissələrinin müqayisəli təqdimatı seçicilərə paylanıb. Seçici siyahıları, çağırış plakatları seçki məntəqəsinin girişində, nəzərəçarpacaq yerlərdə asılıb.
Hazırda dairə seçki komissiyasında müşahidəçilərin qeydə alınması davam etdirilir. Məntəqə seçki komissiyalarında isə seçicilərə paylanılması üçün səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlər yazılır.