REGİONLAR
Yevlaxlı kümçülərə 230 qutu ipəkqurdu toxumu paylanıb
Yevlax, 13 may, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı istiqamətində Yevlax rayonunda da müntəzəm surətdə işlər davam etdirilir. Baramaçılığın keçmiş şöhrətinin qaytarılması üçün mühüm addımlar atılır, rayonda ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən il Yevlax rayonunda 8,048 ton barama istehsal edilib. Bu il isə Qax Rayon Damazlıq İpəkçilik Stansiyasından 230 qutu ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanması təmin edilib. Rayonun 46 kəndi və 3 qəsəbəsində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilib, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanıb.
Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verəcək.