İDMAN
Yığma komandanın məşqçisi: voleybolçularımız sonadək mübarizə apararaq gözəl oyun göstərməyə çalışdılar
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycanın kişilərdən ibarət voleybol komandasının mübarizə apardığı A qrupunda Rusiya, Almaniya və Belarus kimi güclü komandalar yer almışdılar. Amma biz sonadək mübarizə apararaq gözəl oyun göstərməyə çalışdıq. Keçirdiyimiz oyunlar gərgin və maraqlı idman mübarizəsi şəraitində keçdi və voleybolçularımız qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Düşünürəm ki, voleybolçularımız hər üç oyunu uduzsa da, yaxşı oyun göstərdi. Növbəti turnirlərdə daha yaxşı oyun nümayiş etdirərək rəqiblərimizə qalib gəlməyə və uğurlu nəticələr əldə etməyə çalışacağıq.
AZƏRTAC xəbər verir ki, bunu “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında kişi voleybolçular arasında yarışların qrup mərhələsinin yekununu qiymətləndirən yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının köməkçi məşqçisi Xanlar Ələkbərov jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, yığma komandanın qarşılaşmalarda məğlub olmasının əsas səbəbi oyunçularımızın təcrübəsinin çatışmazlığıdır. Keçirilən görüşlərin nəticələrindən razı qaldıq. Çünki Rusiya dünyada güclü komanda hesab edilir. Almaniya gənclər arasında təşkil edilən beynəlxalq yarışın qalibi, Belarus komandası əvvəlki illərdə mükafatçılar sırasında olub. Ümumiyyətlə, festivalda iştirak edən voleybol komandaları Avropada reytinq cədvəlində yüksək pillədə qərarlaşan seçmə komandalardır.
“Dekabr-yanvar aylarında gənclərdən ibarət komandalar arasında beynəlxalq turnir keçiriləcək. Yığmamızın həmin yarışlarda iştirak etməsini istəyirik. Bir müddət sonra beynəlxalq yarışlara hazırlaşmaq üçün yenidən məşqlərə başlayacağıq. Ümid edirəm ki, həmin turnirlərdə nəticələrimiz yüksək olacaq”, - deyə məşqçi əlavə edib.
Xatırladaq ki, oğlanların yarışında yığma komandamızın yer aldığı A qrupunda Rusiya və Belarus milliləri ilk iki yeri tutaraq növbəti mərhələyə yüksəliblər. Almaniya üçüncü, Azərbaycan sonuncu yeri tutub.
Yarımfinal mərhələsinin oyunları iyulun 26-da keçiriləcək.