İQTİSADİYYAT
Yol-nəqliyyat hadisəsi zamanı ölkə yollarına dəyən ziyan qəzanın təqsirkarı tərəfindən ödənilməlidir
Bakı, 29 yanvar (AZƏRTAC). Hər bir yol-nəqliyyat hadisəsindən sonra ölkə yollarına müəyyən miqdarda ziyan dəyir.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 26-da Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 10-cu kilometrliyində, Bibiheybət məscidinin yaxınlığında yanacaq daşıyan yük maşınının yanması nəticəsində yol və yol qurğularına ciddi ziyan dəymişdir. Təkcə keçən il ümumilikdə 12 min poqonnometr əyrixətli tir, 100-dən artıq yol göstəricisi, 200 poqonnometr bardür yol qəzaları nəticəsində yararsız hala düşmüşdür.
Yol-nəqliyyat hadisələri zamanı Nəqliyyat Nazirliyi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi və qəzanı törədən şəxsin iştirakı ilə akt tərtib edilir, həmin sənəddə yola və yol qurğularına dəymiş ziyan göstərilir. Qanuna əsasən, yola və yol qurğularına dəymiş ziyan qəzanın təqsirkarı tərəfindən ödənilməlidir.
Ötən il yola və yol qurğularına 3 milyon manatdan artıq ziyan dəymişdir. Bu günədək onlardan təxminən 45 min manatı ödənilmişdir.
“Azəryolservis” ASC sürücülərə texniki cəhətdən nasaz avtomobillərlə yola çıxmamağı, yollarda maksimum ehtiyatlı olmağı tövsiyə edir.