CƏMİYYƏT
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər
Bakı, 20 avqust, AZƏRTAC
Yol polisi Daxili İşlər nazirinin əmrinə əsasən, respublika ərazisində “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirir. Avqustun 1-dən başlayan və 31-dək davam edəcək tədbirlər çərçivəsində avtomobillərin ixrac etdiyi zərərli qazların miqdarı yoxlanılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Təmiz hava aylığı” ilə bağlı keçirilən tədbirlər Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində davam etdirilib. Tədbir zamanı avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılıb. Normadan artıq zərərli qaz ixrac edən avtomobillərin sürücülərinə inzibati qaydada protokol tərtib edilib və avtomobilin saz vəziyyətdə saxlanılmasına dair sürücünün hüquq və vəzifələri izah olunub. Zərərli qazların miqdarı normadan bir qədər artıq olan sürücülərə isə xəbərdarlıq edilib.
Yol polisi əməkdaşları sürücülərə tövsiyə ediblər ki, avtomobilləri saz vəziyyətdə saxlasınlar. Bu, həm onların, həm digər hərəkət iştirakçılarının sağlamlığı, həm də ətraf mühitin qorunması üçün vacibdir.
Rayon ərazisində, həmçinin yükdaşıma qaydalarını pozan maşınların sürücüləri ilə də profilaktik işlər mütəmadi olaraq aparılır. Bu qəbildən olan sürücülərə yol polisləri tərəfindən xəbərdarlıq edilib, qayda pozuntusuna yol vermiş şəxslər barəsində qanuni tədbirlər görülüb.