ELM VƏ TƏHSİL
Yüksək Texnologiyalar Parkı elmin kommersiyalaşdırılmasına dəstək verir
Bakı, 7 may, AZƏRTAC
Azərbaycanda elmin kommersiyalaşmasında birbaşa iştirak edən AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) ölkəmizdə elmtutumlu, rəqabətqabliyyətli və innovativ məhsulların istehsalını həyata keçirir, yenilikçi bizneslərin yaradılmasında yaxından iştirak edir. Hazırda akademiyanın institutlarının əməkdaşlarının müəllifi olduğu kommersiya potensiallı ixtira patentlərinin texnoparkda reallaşdırılması həyata keçirilir.
Bu barədə AZƏRTAC-a YT Parkdan məlumat verilib. Bildirilib ki, bu elmi müəssisələr sırasında akademik Ə.Quliyev adına Aşqarlar Kimyası, Neft-Kimya Prosesləri, Torpaqşünaslıq və Aqrokimya, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya, Polimer Materialları, Dendrologiya və Botanika institutları yer alıb.
Texnoparkda qeyd olunan institutlarda aparılan tədqiqatların nəticəsi olan müxtəlif motor və sürtkü yağları, polimer, epoksid kompozisiyaları, dərman preparatları, bir çox xəstəliklərin profilaktikası üçün vasitələr, kimyəvi maddələrin alınması üsulları ilə bağlı patent layihələrin həyata keçirilməsinə dəstək göstərilir.
Qeyd edək ki, bu dəstəyin daha da artırılması, AMEA-nın institutlarının patentləşmiş elmi nailiyyətlərinin kommersiyalaşdırılması, marketinq tədqiqatlarının aparılması, biznes planının hazırlanması, texnoloji transferin həyata keçirilməsi, investor və ya tərəfdaşların tapılması məqsədilə YT Parkda sahəvi (elmi bölmə) və ya institutlar üzrə işçi qrupun yaradılması nəzərdə tutulur.