REGİONLAR
Yüksək nəticə göstərən abituriyentlər Bakı Mühəndislik Universitetində tədris sistemi ilə tanış olublar
Xırdalan, 17 may, Ətrabə Rzayeva, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanında 700 bal toplamış abituriyentlər - Xalidə Əliyeva, Elmir Əhmədov, Mahirə Əsədzadə, Eldar Əfəndiyev, Nemət Yusifov, Səbinə İsmayılova, Cavad Əliyev və Arzu Məmmədzadə Bakı Mühəndislik Universitetində olublar.
BMU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Havar Məmmədov abituriyentlər və onların valideynləri ilə görüşüb.
Rektor universitetdə mühəndislik və iqtisadiyyat üzrə ixtisaslar, ali məktəbin maddi-texniki bazası və akademik heyəti haqqında məlumat verib. Qeyd edib ki, universitetdə tələbələrə yüksəksəviyyəli tədris verilir, onlar yataqxana ilə təmin olunur və asudə vaxtlarının səmərəli keçirmələri üçün lazımi şərait yaradılır. Bu şəraitin nəticəsidir ki, tələbələr olimpiadalarda, bədii özfəaliyyət festivallarında fəxri kürsünün ən yüksək pillələrinə qalxırlar.
Havar Məmmədov BMU-nun orta məktəblərlə əməkdaşlığından, xüsusən Akademik Zərifə Əliyeva adına Liseylə bağlanmış müqaviləyə əsasən görülən işlərdən danışıb.
BMU-nun prorektorları Həmzağa Orucov, Bayram Hüseynzadə və Azər İmanquliyev abituriyentlərə və onların valideynlərinə ixtisas seçimində diqqət etməli olduqları məsələlərlə bağlı tövsiyələr veriblər.
Valideynlərdən Məhəbbət Əsədzadə bir övladının BMU-da təhsil aldığını, universitetin onun övladının formalaşmasındakı rolunu yüksək qiymətləndirib və minnətdarlığını bildirib.
Sonda qonaqlar universitetin kitabxanası, laboratoriyaları və yataqxanası ilə tanış olublar.