İDMAN
Yunan-Roma güləşi üzrə yığma komandalarımız mühüm beynəlxalq yarışlara hazırlaşır VİDEO
Xaçmaz, 5 avqust (AZƏRTAC, Elxan Yusifli). Xaçmaz Olimpiya İdman Kompleksində mühüm beynəlxalq yarışlara hazırlaşan yeniyetmələrdən və böyüklərdən ibarət yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandaları təlim-məşq toplanışını yüksək səviyyədə başa vurur.
AZƏRTAC xəbər verir ki, böyüklərdən ibarət yığma komandamız toplanışa 22 güləşçi ilə qatılıb. Baş məşqçi Cəmşid Xeyrabadi bildirib ki, sentyabr ayında Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək dünya çempionatında yığmamız 8 idmançı ilə təmsil olunacaq. Güləşçilərimizin yüksək hazırlıq keçdiyini qeyd edən məşqçi uğurlu nəticənin qazanılacağına əmindir.
Avqustun 6-dək davam edəcək təlim-məşq toplanışında yığmamızın üzvləri ilə yanaşı, Macarıstan güləşçiləri də iştirak edirlər.
Yeniyetmə yunan-Roma güləşçilərimizin təlim-məşq toplanışı da yüksək səviyyədə keçir. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında keçirilən hazırlıqda 2 çəki dərəcəsində 6 güləşçi iştirak edir.
Avqustun 16-dan 28-dək Çinin Nancinq şəhərində keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında ölkəmizi Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) təmsil edəcəklər.
Böyük məşqçi Nurəddin Rəcəbov güləşçilərimizin yarışa əzmlə hazırlaşdıqlarını və uzaq Şərqdən medalla qayıdacaqlarına ümid etdiyini bildirib.