İDMAN
Yunis Kennedi Şrayver Gününə həsr olunmuş qızlar arasında futbol turniri start götürüb
Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə 24 sentyabr - Yunis Kennedi Şrayver Gününə həsr olunmuş qızlar arasında futbol turniri start götürüb.
AZƏRTAC xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində açıq havada keçirilən yarışda xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarının komandaları iştirak edirlər. Turnirin birinci günündə divizionlara bölünmə ilə əlaqəli test görüşləri keçirilir. Yarışa sentyabrın 18-də yekun vurulacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, xüsusi Olimpiya hərəkatının əsası ABŞ Prezidenti Con Kennedinin bacısı Yunis Kennedi Şrayver tərəfindən qoyulub. O, fiziki və əqli qüsurlu insanların cəmiyyətə inteqrasiyası və onların bacarıqlarının inkişafı sahəsindəki xidmətlərinə görə 1984-cü ildə ABŞ Prezidenti tərəfindən “Azadlıq” medalı ilə təltif olunub.