CƏMİYYƏT
Yüz minlərlə eksponatın qorunub saxlanıldığı Təbiət Tarixi Muzeyi - kərgədan, cənub fili, ibtidai öküz... FOTO VİDEO
Bakı, 29 sentyabr, AZƏRTAC
Yüz minlərlə eksponatın qorunub saxlanıldığı Təbiət Tarixi Muzeyi öz qeyri-adiliyi ilə digər muzeylərdən seçilir. Buna səbəb bu tip muzeylərin dünyada çox az sayda olmasıdır. Buradakı heyvan skeletləri və müqəvvaları - kərgədan, cənub fili, ibtidai öküz, yırtıcılar, müxtəlif quşlar yerli sakinlərlə yanaşı, xarici turistlərin də marağına səbəb olur.
AZƏRTAC xəbər verir ki, muzey geologiya və biologiya şöbələrindən ibarətdir. Geologiya şöbəsində Azərbaycan ərazisinin geoloji quruluşu barədə məlumatlar və s. nümayiş etdirilir.
Biologiya şöbəsində isə müasir və geoloji keçmişdə yaşamış onurğasız və onurğalı heyvanların skeletləri, müqəvvaları, izləri, xüsusi məhlullarda saxlanılan cəsədləri, Azərbaycan florasını əks etdirən tablolar təqdim olunur.
Onurğasız heyvanlar kolleksiyasında süngərlər, dərisi tikanlılar və s. yer alır. Muzeydə onurğalılar yarımtipinin bir neçə sinfinə – suda-quruda yaşayanlar, sürünənlər, balıqlar, quşlar və məməlilərə yer ayrılıb.
Muzeyin əməkdaşı Natavan Abdullayevanın sözlərinə görə, Paleozoy erasına aid mərcan poliplərindən tutmuş 45 min yaşı olan kərgədan skeletinə qədər müxtəlif nümunələr insanlarda böyük maraq doğurur. Muzeydə 100 minlərlə eksponat olsa da, 6 mindən çoxu sərgilənir. Burada ən qədim eksponatın yaşı təxminən 400 milyon ildir. Bu, ölkə ərazisində aşkarlanan fauna tapıntılarıdır. Diqqət çəkən eksponatlardan biri isə ibtidai öküzün skeletidir. Onun təxminən 25 min il yaşı var.
Maraq doğuran eksponatlar arasında kərgədan skeleti də var. Burada adı "Qırmızı kitab"a daxil olan heyvanların - ceyran, bəbir, kaftar və muflonun müqəvvaları, skeletləri də mühafizə edilir.
Qeyd edək ki, ziyarətçilər muzeyə böyük maraq göstərirlər. Həftənin beş günü açıq olan muzeyin ziyarətçiləri arasında tələbə və şagirdlər üstünlük təşkil edirlər.