İQTİSADİYYAT
Yüzdən çox şirkət “BakuTel”in 20-ci yubiley sərgisində iştirakını təsdiqləyib
Bu il ölkənin aparıcı ixtisaslaşdırılmış sərgilərindən biri - “BakuTel” Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı öz yubileyini qeyd edir. Artıq 20 ildir ki, “BakuTel” sərgisi hər il telekommunikasiya bazarının aparıcı subyektlərini öz meydançasında bir araya toplayaraq informasiya texnologiyalarının məhsul və xidmətlərinin nümayiş etdirilməsi üçün əsas arena funksiyasını yerinə yetirir və burada yeni əlaqələr qurulur. Sərginin təşəkkül tapmasında və inkişafında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xüsusi rol oynayır. “BakuTel”in təşkilatçıları “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group Plc” şirkətləridir.
“Iteca Caspian”dan AZƏRTAC-a bildirilib ki, hazırda 100-dən çox şirkət builki sərgidə iştirakını təsdiqləyib. Onların arasında aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur markaların distribüterləri var. Sərgidə bir sıra ölkələrin milli stendlərinin maraqlı iştirakı gözlənilir. Ənənəyə sadiq qalaraq, sərgi çərçivəsində gənc mütəxəssislərə öz ixtira, proqram və xidmətləri haqqında danışması üçün imkan yaradılacaq. “Startap”lar (yeni fəaliyyətə başlayan şirkətlərə) üçün bu il də xüsusi stendlər təşkil olunacaq.
Ənənəvi olaraq, “Bakutel 2014” sərgisi konfrans, seminarlar, “dəyirmi masa”lar, biznes və internet-forumları və bir çox digər tədbirləri ehtiva edən maraqlı işgüzar proqramı ilə fərqlənəcək. Həmçinin sərginin 20 illik yubileyi ilə əlaqədar əlavə tədbirlər proqramı həyata keçiriləcək. Bu proqram özünün koloriti və rəngarəngliyi ilə sərgidə xüsusi təntənə və bayram əhval-ruhiyyəsi yaradacaq.