CƏMİYYƏT
Yüzlərlə insan Dövlət Bayrağı Meydanında üçrəngli bayrağımızın qaldırılması prosesini izləyib VİDEO
Noyabrın 9-da Dövlət Bayrağı Meydanında üçrəngli dövlət bayrağımızın rəmzi qaldırılma mərasimi olub. Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin təşkilatçılığı ilə keçirilən mərasimi yüzlərlə insan izləyib.
AZƏRTAC xəbər verir ki, eni 35 metr, uzunluğu 70 metr, çəkisi 350 kiloqram olan dövlət bayrağı təntənəli şəkildə, hərbi orkestrin müşayiəti ilə onlarla insanın çiynində meydana gətirilib və dövlət himninin sədaları altında 162 metr hündürlüyə qaldırılıb.
Mərasim iştirakçıları bayrağın önündə xatirə şəkli çəkdiriblər. Onlar qürur doğuran bu prosesi maraqla izlədiklərini bildirib, bayrağımızın Qarabağda dalğalanmasını arzulayıblar.
Sonra tədbir iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.
Qeyd edək ki, Ginnesin dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiqləyib.