İQTİSADİYYAT
ZAQATALADA VERGİ ÖDƏYİCİLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
Ərazi Vergilər İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, görüşdə çıxış edən natiqlər vergi sisteminin təkmilləşdirilməsi və müasir tələblərə cavab verən vergi xidmətinin yaradılması istiqamətində respublikamızda həyata keçirilən məqsədyönlü işlərdən danışmış, vergi qanunvericiliyinə edilən əlavələr və dəyişikliklərin mühüm əhəmiyyətinə toxunmuşlar. Çıxışlarda qeyd olunmuşdur ki, bu dəyişikliklər vergi dərəcələrinin aşağı salınmasına və vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə xidmət etməklə yanaşı, respublikamızda iqtisadi inkişafın daha da sürətlənməsinə müsbət təsir göstərməkdədir.
Tədbirdə çıxış edən iş adamları, sahibkarlar belə görüşlərin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək sahibkarlıq və biznes fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına xüsusi diqqət və qayğı göstərdiyinə görə ölkəmizin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.