İQTİSADİYYAT
ZAQATALADA YENİ İŞ YERLƏRİNİN SAYI ARTIR
Zaqatala Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayonun Əliabad və Mosul kəndlərində yeni fındıq emalı sexləri istifadəyə verilmişdir. Emal müəssisələrində rayonun 65 sakini daimi və mövsümi işlə təmin olunmuşdur. Zaqatala şəhərinin yeni yaşayış massivində ticarət obyektlərinin istifadəyə verilməsi nəticəsində isə 40 nəfər daimi iş yeri əldə etmişdir.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində cari ilin 9 ayında Zaqatala rayonunda 910 yeni iş yeri yaradılmışdır. Yeni açılan müəssisələrdə 119 nəfər daimi işlə təmin olunmuş, 791 nəfər rayon sakini isə kənd təsərrüfatı, tikinti və digər sahələr üzrə mövsümi və müvəqqəti işlərə cəlb edilmişdir. Hesabat dövründə aqrar bölmədə 74 daimi və 638 mövsümi, 712 yeni iş yeri yaradılmışdır.