REGİONLAR
ZAQATALA RAYONUNUN TƏSƏRRÜFATLARINDA TAXIL BİÇİLİR
Zaqatala, 17 iyun (AZƏRTAC). Zaqatala rayonunun təsərrüfatlarında taxıl bikini başlanmışdır.
Ötən ilin payızında rayonda cari ilin məhsulu üçün 12 min 165 hektarda taxıl əkilmişdi. Bu, əvvəlki illə müqayisədə 224 hektar çoxdur. Biçiləcək sahələrin 8.839 hektarı buğda, 3.274 hektarı arpa, qalanı isə soya sahələridir. Biçin kampaniyasına 68 taxılbiçən kombayn, 38 küləşpresləyən, habelə kifayət qədər taxıl təmizləyən, taxıl yükləyən aqreqat, nəqliyyat vasitəsi, qoşqu və digər texnika cəlb edilmişdir.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, taxıl biçininə ilk olaraq Qanıx çayı sahilində yerləşən Muğanlı, Qandax, Faldarlı və Bəhmətli kəndlərinin və Əliabad qəsəbəsinin təsərrüfatlarında başlanmışdır. İlk günlərdə 510 hektar arpa sahəsinin məhsulu biçilmiş, zəmilərdən 1.071 ton məhsul götürülmüşdür. Hələlik hər hektardan orta məhsuldarlıq 21 sentner təşkil edir.
Təsərrüfatlarda taxıl biçini mütəşəkkil qaydada davam edir.