REGİONLAR
Zaqatalada "Kənd boğçası" adlı kənd təsərrüfatı yarmarkası təşkil olunub
Zaqatala, 19 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Avqustun 19-da Zaqatala rayonunda Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) - Azərbaycan Tərəfdaşlıq Proqramına daxil olan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrin iştirakı ilə kənd təsərrüfatı məhsullarının yarmarkası keçirilib.
Yarmarkada FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının üç layihəsi (Qadınların iqtisadi səlahiyyətlərinin artırılması, Gənclərin aqrar məşğulluğunun artırılması, Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması) və Avropa İttifaqının maliyyə dəstəyi və FAO-nun təşkilatçılığı ilə həyata keçirilən bir layihə (Azərbaycanın şimal-qərb regionunda davamlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafı) iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zaqatala rayon Mədəniyyət Mərkəzinin həyətində təşkil olunan sərgi-yarmarkada həmin layihələrdən yararlanan kiçik fermer təsərrüfatlarının, sahibkarlıq müəssisələrinin istehsal etdikləri məhsullar təqdim olunub.
Tədbirin açılış mərasimində Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə çıxış edərək, yarmarkanın işinə uğurlar arzulayıb.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova çıxışında qeyd edib ki, aqrar sektorun dayanıqlılığının təmin olunması və ərzaq təhlükəsizliyinin qorunması ölkəmizin sosial-iqtisadi siyasətinin əsas hədəflərindən biridir. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 2015-ci il sentyabrın 30-da təsdiq etdiyi “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO – Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında (FATP) Saziş” çərçivəsində həyata keçirilən layihələr ölkəmiz üçün çox əhəmiyyətlidir. Saziş çərçivəsində ərzaq təhlükəsizliyinin qorunması, kənd yerlərinin inkişafı, əhalinin gəlirlərinin yüksəldilməsi, müxtəlif əhali qruplarının, gənclərin və qadınların aqrar məşğulluğunun artırılması, informasiya-məsləhət xidmətinin təşkili sahəsində əhəmiyyətli işlər görülüb. Nazir müavini bildirib ki, bu yarmarkanı görülən işlərin və nəticələrin qiymətləndirilməsi kimi də dəyərləndirmək olar. Belə yarmarkalar benefisiarlar arasında əlaqələrin qurulmasında və istehsal olunan məhsulların bazara çıxarılmasında xüsusi əhəmiyyət kəsb edir.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko çıxışında bildirib ki, Aİ Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalır. Azərbaycanın Avropa ölkələrinə ixrac etdiyi məhsulların sayı ildən-ilə çoxalır. Sevindirici haldır ki, Zaqatalada yetişdirilən fındıq artıq Avropa bazarlarında da yaxşı tanınır. Zaqatala Avropanın kənd təsərrüfatı xəritəsində öz yerini tutur.
Tədbirdə, həmçinin BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva, FAO Azərbaycan ofisinin rəhbəri Mələk Çakmak, proqram rəhbərləri, layihə menecerləri çıxış ediblər. Bildirilib ki, fermer yarmarkasının məqsədi yerli qida və kənd təsərrüfatı məhsullarını təqdim edərək potensial alıcı və istehlakçıları həmin məhsullara cəlb etməkdir. Yarmarkanın təşkili bölgəyə məxsus məhsulların və adət-ənənələrinin təbliğinə töhfə verərək, regionun dayanıqlı inkişafına dəstək olacaq. Kənd əhalisinin gəlirlərini və dolanışıq vəziyyətini yaxşılaşdırmaq və dəyər zənciri yanaşması ilə kiçik sahibkarlıq müəssisələrinin dəstəklənməsi yarmarkanın əsas hədəflərindən biridir.
Vurğulanıb ki, yarmarkada iştirak edən hər bir fermer qida zəncirində təhlükəsiz qida və qida məhsullarının itkisinin, israfının azaldılmasında da xüsusi yer tutur. Diqqətə çatdırılıb ki, FAO-nun araşdırmalarına əsasən, sahəsi 2 hektardan az olan kiçik torpaq sahələrində işləyən fermerlər dünya üzrə qida istehlakının üçdəbirindən çoxunu istehsal edir.
Sonra Şəki-Zaqatala regionunda icra edilən və FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FAPP) və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrin təqdimatı olub.