REGİONLAR
Zaqataladakı tütün istehsalı və emalı məntəqəsində tütün şitillərinin yetişdirilməsinə başlanılıb
Zaqatala, 7 mart, Mustafa Dadaşov, AZƏRTAC
Cari mövsümdə Zaqatala rayonunda 450 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilməsi nəzərdə tutulur. “Azərtütün ASK” MMC-nin rayonun Aşağı Tala kəndində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinin istixana təsərrüfatında martın əvvəlindən etibarən tütün şitillərinin yetişdirilməsinə başlanılıb.
Emal məntəqəsinin müdiri Mohuma Hüşənov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün müəssisənin ərazisində 4 ədəd ABŞ istehsalı və 3 ədəd ölkəmizdə istehsal olunan istixana quraşdırılıb. Tutumundan asılı olaraq bu istixanaların hər birində 625 mindən 800 minədək “Virciniya” növlü ətirli tütün şitili yetişdirmək mümkündür: “Tütün şitili üçün toxum xaricdən gətirilib. Toxum əvvəlcə xüsusi aparat vasitəsilə plastik lotokların içərisinə yerləşdirilir. Hər bir lotokun içərisinə 288 ədəd toxum qoyulur. Sonra bu lotoklar istixananın içərisindəki su hövzəsinə buraxılır. Su hövzələrinə əvvəlcədən tələb olunan gübrə və dərmanlar tökülür. Böyük istixanaların hər birinə 3 min ədəd lotok qoymaq mümkündür. Tütün şitili 40-45 gün ərzində yetişir və sahəyə köçürülmək üçün hazır vəziyyətə gəlir. Aprelin ortalarında tütün şitilləri sahələrə köçürülmək üçün fermerlərə çatdırılacaq”.
Məntəqə müdiri deyib ki, hazırda istixanalardan ikisində şitil yetişdirilir. Növbəti günlərdə daha 2 istixanaya toxum qoyulacaq. İstixanaların hər birində yetişdirilən tütün şitili ilə 35 hektar sahəyə şitil köçürmək mümkün olacaq. Ümumiyyətlə, builki mövsümdə tütün istehsalı və emalı məntəqəsi tərəfindən rayon ərazisində 140 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilməsi planlaşdırılır.
O bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün istehsalçıların özlərinin tərəfindən də 800-dək sadə istixana quraşdırılıb və hazırda bu istixanalarda da şitil yetişdirilir.
Xatırladaq ki, ötənilki mövsümdə bu emal məntəqəsi istehsalçılardan 5300 ton yaşıl tütün kütləsi qəbul edib və müəssisədə 630 ton quru tütün istehsal olunub.