REGİONLAR
Zaqatalalı fermer: Dövlət hər zaman fermerlərin yanındadır
“Muxax” İstehsal Kooperativində toxumluq taxıl sahəsinin hər hektarından 40 sentnerədək məhsul götürülüb
Zaqatala, 21 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunda fəaliyyət göstərən “Muxax” İstehsal Kooperativinin rəhbəri Abdulla Mahmudov uzun illərdir ki, taxılçılıq və qarğıdalı istehsalı ilə məşğuldur. Fermer builki mövsümdə toxumluq taxıl sahəsinin hər hektarından 40 sentnerədək məhsul götürməyə müvəffəq olub.
Fermer Abdulla Mahmudov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində toxumçuluğun kənd təsərrüfatının strateji və ən zəruri sahələrindən biri olduğunu vurğulayaraq deyib: “Bitkiçilikdə məhsuldarlıq keyfiyyətli toxumdan çox asılıdır. Bu ilin məhsulu üçün taxıl əkdiyimiz 274 hektar sahənin 150 hektarını toxumluq buğda sahəsi təşkil edib. Taxıl biçini zamanı toxumluq sahələrdən yaxşı məhsul götürdük. Ümumiyyətlə, bu il taxıl zəmilərindən 700 tonadək məhsul tədarük etmişik. Hazırda tədarük etdiyimiz toxumluq taxıl təmizlənərək kisələrə yığılır. Bir müddət sonra satışına başlanılacaq. Əsas məqsədimiz məhsul istehsalçılarını keyfiyyətli, sertifikatlı toxumla təmin etməkdir”.
O bildirib ki, dövlətimiz tərəfindən kənd təsərrüfatının bütün sahələrinə yüksək səviyyədə diqqət və qayğı göstərilir, subsidiyalar verilir, güzəştli kreditlər ayrılır. Dövlət hər zaman fermerlərin yanındadır. Ona görə də, fermerlər bu qayğıya cavab olaraq, keyfiyyətli məhsul istehsal etməlidirlər.
Zaqatalalı fermer taxılçılıqla yanaşı, qarğıdalı istehsalına da maraq göstərir. O, bu il qarğıdalının əkin sahəsini ötən illə müqayisədə 8 hektar genişləndirərək 38 hektara çatdırıb. Hazırda sahələrdə yaxşı məhsul yetişib. Təsərrüfat rəhbəri qarğıdalı yığımına sentyabrın ikinci yarısında başlamağı planlaşdırır. Bu il qarğıdalı sahələrinin hər hektarından 70-80 sentner məhsul tədarük olunacağı gözlənilir.
Fermer üçüncü ildir ki, soya əkini ilə də məşğul olur. Hazırda təsərrüfatda 100 hektar sahədə soya yetişdirilir. Onun sözlərinə görə, məhsul yığımına oktyabrda başlanılacaq.